14 Avqust 2026 12:00

Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı

Yeni Klinika - Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı

Yüksək kardioloji riskə baxmayaraq, 36 həftəlik hamilə pasiyentdə qeysəriyyə əməliyyatı Yeni Klinikanın multidisiplinar komandası tərəfindən uğurla həyata keçirilib.

Mürəkkəb klinik halların qəbul və idarə olunmasını həyata keçirən Yeni Klinikada əməliyyat kardiologiya, mama-ginekologiya, anesteziologiya-reanimasiya və neonatologiya komandalarının birgə iştirakı həyata keçirilib.

Belə ki, 2004-cü il təvəllüdlü, hamiləliyin 36-cı həftəsində olan pasiyent klinikaya təngnəfəslik və ürəkdöyünmə şikayətləri ilə müraciət edib. Aparılan müayinələr nəticəsində dilatasiyon kardiomiopatiya, ağır sol mədəcik sistolik disfunksiyası (LVEF 20%), taxisistolik atrial fibrilyasiya və ventrikulyar ekstrasistollar aşkarlanıb.

Pasiyentin klinik vəziyyəti yüksək kardioloji risk kimi qiymətləndirilib. Mövcud risklər nəzərə alınaraq konsilium keçirilib və hamiləliyin təcili sonlandırılmasına qərar verilib.

Əməliyyat zamanı pasiyentin vəziyyəti nəzərə alınaraq invaziv hemodinamik monitorinq və davamlı intensiv müşahidə təmin edilib. Uğurla icra olunan qeysəriyyə əməliyyatı nəticəsində 3000 qram çəki və 48 santimetr boya malik oğlan uşağı dünyaya gəlib.

Erkən postoperativ dövr stabil keçib. Hər iki pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra ana və körpə ambulator müalicə üçün evə yazılıb.

Qeyd edək ki, mürəkkəb klinik vəziyyətlərin idarə olunması güclü komanda, koordinasiyalı qərarvermə və yüksək səviyyəli tibbi yanaşma prinsipləri əsasında həyata keçirilir.

Photos Gallery

Digər xəbərlər