Yeni Klinikanın invaziv kardioloqu Gülay Məmmədova Münhendə keçirilən nüfuzlu elmi platformada uğurla çıxış edib.
Dr. Gülay Məmmədova European Society of Cardiology (ESC) nəzdində fəaliyyət göstərən “European Association of Percutaneous Cardiovascular Interventions” (EAPCI) tərəfindən təşkil olunan EAPCI Summit 2026 çərçivəsində “Kəskin miokard infarktı zamanı gözlənilməz hadisə: müalicə planını dəyişdirən angioqrafiya” adlı klinik halı beynəlxalq auditoriyaya təqdim edib.
Təqdimat zamanı kəskin miokard infarktı şəraitində angioqrafiyanın müalicə strategiyasına təsiri, operativ qərarvermə və invaziv müdaxilənin incəlikləri geniş müzakirə olunub.
Məlumat üçün bildirək ki, EAPCI Summit 2026-nın əsas məqsədi ESC klinik təlimatlarının (Clinical Guidelines) gündəlik tibbi praktikaya inteqrasiyasını müzakirə etmək və real klinik hallara əsaslanan təcrübə mübadiləsini gücləndirmək olub.
Sammit çərçivəsində 300-dən çox elmi abstrakt və klinik təqdimat nümayiş olunub, koronar və struktur ürək-damar müdaxilələri üzrə aktual mövzular müzakirə edilib eyni zamanda praktiki vörkşoplar və simulyasiya əsaslı təlim sessiyaları təşkil olunub.
Dr. Gülay Məmmədova sammit çərçivəsində “Exceptional Congress Grant Award” mükafatına layiq görülüb. Bu qrant onun təqdim etdiyi klinik halın elmi dəyərinə və beynəlxalq səviyyədə seçilmiş iştirakçılar arasında yer almasına görə təqdim olunub.
Bundan əlavə, Dr. Gülay Məmmədova European Association of Percutaneous Cardiovascular Interventions (EAPCI) tərəfindən həyata keçirilən Interventional Cardiology Certification proqramının bütün mərhələlərini uğurla tamamlayaraq EAPCI sertifikatını əldə edib. Ötən il bu beynəlxalq sertifikat proqramının nəzəri mərhələsini uğurla tamamlayan həkim sertifikatın növbəti – praktik qiymətləndirmə mərhələsini də müvəffəqiyyətlə başa vurub.
Bu mərhələ real klinik praktikada icra olunan invaziv prosedurların, təhlükəsiz qərarvermə bacarıqlarının və müstəqil operator kimi peşəkar səriştənin mentorların rəyləri əsasında çoxmərhələli qiymətləndirilməsini əhatə edir.
Qeyd edək ki, sözügedən sertifikat invaziv kardiologiya sahəsində həm nəzəri biliklərin, həm də praktik bacarıqların Avropa səviyyəsində beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən nüfuzlu peşəkar qiymətləndirmə mexanizmidir.
Tibb mütəxəssislərimizin beynəlxalq elmi platformalarda fəal iştirakı və qazandığı uğurlar ölkəmizdə kardioloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və tibbi təcrübənin beynəlxalq standartlara inteqrasiyasına mühüm töhfə verir.