TƏBİB-in dəstəyi ilə Yeni Klinikada “Müasir Trendlər və Gələcək İstiqamətlər” elmi layihələr silsiləsi çərçivəsində fizioterapiya sahəsinə həsr olunan “Fizioterapiya və Reabilitasiya: Müasir Trendlər və Gələcək İstiqamətlər” adlı elmi-praktik konfrans keçirilib.
Tədbir Yeni Robotik Reabilitasiya Mərkəzi ilə UMDC – Universal Tibb və İnkişaf Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda fizioterapiya və reabilitasiya sahəsində mövcud vəziyyət, aktual çağırışlar, innovativ yanaşmalar, eləcə də müasir reabilitasiya protokolları yerli və xarici mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunub.
Konfransda TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsinin dekanı Qalina Qəniyeva, Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri Paşa Mehdiyev, Yeni Robotik Reabilitasiya Mərkəzinin şöbə müdiri Aytən Ağalarova, eləcə də UMDC – Universal Tibb və İnkişaf Cəmiyyətinin təsisçi-sədri Validə Quliyeva çıxış ediblər.
Açılış nitqi ilə çıxış edən P.Əkbərov tibbi reabilitasiya xidmətlərinin inkişafının ölkəmiz üçün strateji önəm daşıdığını bildirib. O qeyd edib ki, reabilitasiya xidmətləri sayəsində yeni doğulmuşların, reanimasiya xəstələrinin, cərrahi əməliyyat və travmalardan sonra insanların bərpa müddəti əhəmiyyətli dərəcədə sürətlənəcək. P.Əkbərov həmçinin regionlarda da reabilitasiya xidmətlərinin inkişafının qarşıya qoyulan hədəflər sırasında olduğunu diqqətə çatdırıb.
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri T.Mirzəbəyli isə müasir fizioterapiya və reabilitasiya metodlarının ölkədə tətbiqi, həmçinin yerli mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərdən danışıb. O, innovativ texnologiyalar və beynəlxalq təcrübənin öyrənilməsinin tibb müəssisələrinin xidmət keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltdiyini bildirib.
Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsinin dekanı Q.Qəniyeva reabilitasiya sahəsinin yalnız xəstəliklərin müalicəsi üçün deyil, həm də əhalinin sağlamlıq səviyyəsinin qorunması və profilaktik tədbirlərin təşkili üçün strateji əhəmiyyət daşıdığını bildirib. Q.Qəniyeva həmçinin tələbələrin və gənc mütəxəssislərin reabilitasiya sahəsinə cəlb olunmasının zəruriliyini vurğulayıb.
Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri Paşa Mehdiyev isə çıxışında fizioterapiya və tibbi reabilitasiya sahəsində yeni metod və protokolların tətbiqi, həmçinin müasir texnoloji yeniliklərin klinik praktikaya inteqrasiyası mövzusunda məlumat verib. O, robotik reabilitasiya və digər innovativ yanaşmaların xəstələrin bərpa prosesini sürətləndirdiyini və müalicə nəticələrinin keyfiyyətini artırdığını qeyd edib.
Yeni Robotik Reabilitasiya Mərkəzinin şöbə müdiri Aytən Ağalarova bu cür elmi-praktik tədbirlərin mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
UMDC – Universal Tibb və İnkişaf Cəmiyyətinin fəaliyyəti, əsas məqsəd və prioritetləri barədə danışan Validə Quliyeva isə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Konfrans çərçivəsində nevroloji, kardio-pulmonar, pediatrik və ortopedik reabilitasiya sahələri üzrə mütəxəssislər - Zeynəb Abdullayeva, Müjgan Rzayeva, Ülkar İsmayılova, Zeynəb Hüseynli, Zeynəb Məmmədova, Aydan Cabarova, Lalə Horuz, Nəzrin Əsədli, Səbinə Tağıyeva, Fərid Səlimov, Vaqif Abdullayev və digər mütəxəssislər çıxış edərək müasir reabilitasiya yanaşmaları, klinik təcrübələr və gələcək inkişaf perspektivləri barədə məruzələr ediblər.
İnteraktiv şəkildə baş tutan tədbirdə iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, mövcud problemlər və onların həlli yolları ətrafında canlı müzakirələr baş tutub. Konfrans çərçivəsində müasir reabilitasiya protokollarının tətbiqi, multidisiplinar yanaşmaların əhəmiyyəti, eləcə də robotik və rəqəmsal texnologiyaların reabilitasiya prosesində rolu xüsusi diqqət mərkəzində olub.