17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Klinikada tədbir keçirilib.
Tədbir çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Könül Nurullayeva, Vasif Qafarov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva, Yeni Klinikanın direktoru Zəhra Vəzirova və başqaları çıxış edib, tibb işçilərinə təbriklərini çatdırıb, onların əhalinin sağlamlığının qorunmasında və insan həyatının xilasında oynadığı əvəzsiz rolu vurğulayıblar.
Çıxışlar zamanı tibb işçilərinin həm koronavirus pandemiyası, həm də Vətən müharibəsi dövründə göstərdikləri qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq nümunələri ilə tarix yazdıqları qeyd olunub.
Bildirilib ki, vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövlətinin sosial siyasətinin əsas prioritetlərindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, səhiyyə sahəsində həyata keçirilən islahatlar və tibb işçilərinə göstərilən yüksək diqqət bunun bariz nümunəsidir.
Çıxışlardan sonra Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub, eləcə də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının yubiley yaşında olan veteran tibb işçiləri mükafatlandırılıb, həmçinin partiyaya yeni üzv olmuş şəxslərə vəsiqələr təqdim edilib.