Yeni Klinikanın nümayəndələri Bakıda keçirilən I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresində (IHMC Baku 2026) iştirak ediblər.
İki gün davam edən beynəlxalq tədbir səhiyyənin idarə olunması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrini, tibb müəssisələrinin rəhbərlərini, akademikləri, alimləri, həkimləri və beynəlxalq ekspertləri bir araya gətirib.
Təşkilat komitəsinə Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin sədrlik etdiyi konqresin əsas məqsədi səhiyyə idarəçiliyi sahəsində müasir yanaşmaların müzakirəsi, elmi bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin Türk dünyası ölkələri arasında əməkdaşlığın genişləndirilməsi olub.
Konqresin proqramı çərçivəsində səhiyyənin maliyyələşdirilməsi, xəstəxana idarəçiliyi, tibbi xidmətlərin keyfiyyətinin artırılması, pasiyent təhlükəsizliyi, rəqəmsal səhiyyə, süni intellekt texnologiyalarının tətbiqi, tibbi təhsil, insan resurslarının idarə olunması, səhiyyə hüququ, tibbi turizm və innovativ səhiyyə həlləri mövzularında panel müzakirələri və elmi sessiyalar təşkil edilib.
Tədbirdə 10 ölkədən dəvət olunmuş nüfuzlu mütəxəssislər çıxış edərək öz ölkələrinin təcrübəsini, elmi yenilikləri və səhiyyə sistemlərinin inkişafına yönəlmiş uğurlu idarəetmə modellərini iştirakçılarla bölüşüblər.
Konqresin ikinci günündə təşkil olunan master-klasslar səhiyyədə rəqəmsal transformasiya, süni intellekt alətlərinin tətbiqi, keyfiyyətin idarə olunması, strateji liderlik və təşkilati inkişaf istiqamətlərini əhatə edib. Praktiki sessiyalar iştirakçılara beynəlxalq təcrübənin tətbiqi, innovativ idarəetmə metodları və müasir səhiyyə həlləri ilə yaxından tanış olmaq imkanı yaradıb.
Yeni Klinikanın nümayəndələri konqres çərçivəsində keçirilən panel müzakirələrində və təlim sessiyalarında fəal iştirak edərək beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparıb, səhiyyənin idarə olunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal transformasiya istiqamətində qabaqcıl təcrübələrlə tanış olublar.